Yazılar Haqda
- Töhfə verənlər
- Jul 24, 2016
- 2 min read
Mövcud mediya landşaftına, xüsusilə də, ictimaiyyət üçün istehsal olunan elmi nəşrlərə nəzər saldıqda ən birinci nəzərəçarpan məsələlərdən biri məlumatın səthiliyidir. Elmi Spektr heyəti olaraq jurnalı yaradarkən yazılarla bağlı diqqət etdiyimiz əsas məsələlərdən biri, yazarların xəbərdar olduqları sahə üzrə bildiklərini hamı tərəfindən başa düşüləcək formada, lakin hər sayda əvvəlkinin bir az da üstünə qoyaraq yazmağa çalışması idi. Bununla da, mövzularla bağlı təkcə səthi məlumatlarla kifayətlənməməyi, sahə üzrə daha dərin anlayışları da hamının başa düşə biləcəyi dildə çatdırmağı hədəfləmişdik. Kainat qəliz bir yerdir, yoldaş oxucu, və bu mürəkkəbliyi öyrənən elm heç də asan başa gəlmir. Müxtəlif elm sahələrinin içalatını görmək bilginin təbiəti və təbiət haqda fikir yaratmaq üçün çox vacibdir. Buna görə də, hər yazı ilə əvvəlki saylarda səslənmiş fikirləri daha da inkişaf elətdirməyə, xəritəni genişlətməyə, yeni yollar çəkməyə çalışırıq. Bu sayda yenə də, əvvəllər haqqında bəhs etdiyimiz mövzulara yenidən toxunmuş və daha da inkişaf elətdirməyə çalışmışıq. Jurnalın bütün saylarının onlayn mühitdə pulsuz şəkildə mövcud olması geriyə dönüb baxmağa, başa düşülməyən bir şey olduqda, əvvəlki yazılara yenidən nəzər salmağa imkan yaradır. Vebsaytımızın yaxın müddətdə hazırlanıb bitməsi ilə əvvəlki yazılara çıxışı daha da rahatlaşdırmağı düşünürük.
Lakin, elmi başa düşülən dildə yazmaq özlüyündə çətin bir işdir və bunu kifayət qədər qeyri-mükəmməl şəkildə etdiyimizin fərqindəyik. Əslində, bu işi yaxşı görən insanların sayı dünyada barmaqla sayılacaq qədər azdır. Bunlardan biri olan, fransız riyaziyyatçı Cédric Villani’nin fikrincə ictimaiyyətə açıq elmi fəaliyyətlə məşğul olmağın əsas məqsədi, kütlələri professional riyaziyyatçı, fizik, kimyaçı, və s. etmək yox, elmin inkişafında rol oynayan insanların “işığını əks etdirməkdir.” Bu mənada, biz də “işığı əks etdirməyə” çalışarkən, gözünüzü qamaşdırmaq yox, ondakı müxtəlif dalğa uzunluqlarını ayırd eləmək istəyirik.
Toxunmaq istədiyimiz bir digər mübahisəli məsələ isə orfoqrafiya ilə bağlıdır. Jurnal olaraq, əgər Azərbaycan dilində oturuşmuş qarşılıqları olmadığı təqdirdə, orijinalı Latın əlifbasında olan xüsusi isimləri transliterasiya etməməyi qərara almışıq. Bu sırf praktiki seçim olsa da, əslində seçim olması belə qəribə bir haldır. Seçimin praktikiliyi ondadır ki, orijinal adların yazılması həmin şey haqda daha ətraflı məlumat üçün qapıları açır. Yəni, məsələn, bir şəxsin işi haqda öyrənmək istəyən adam, Azərbaycan dilindəki məhdud resurslara yox, orijinal adı axtarmaqla daha geniş mənbələrə yönləndirilir. Azərbaycan dilində onlayn elmi mənbələrin qıtlığını nəzərə alsaq, fikrimizcə, transliterasiyanın olunmamasına haqq qazandırmaq olar. Latın əlifbası istifadə edən dillərin orfoqrafiyasına baxdıqda xüsusi adları (latın əlifbasından) transliterasiya edən yalnız iki dil olduğunu görürük (Azərbaycan və Latış dilləri). Azərbaycan dili əsasən fonemik orfoqrafiyadan istifadə edir; yəni, yazı simvolları, tələffüz simvolları ilə yaxından uzlaşır; müqayisə üçün İngilis dilində yazılışla oxunuşun arasındakı fərqliliyə nəzər salmaq olar. Lakin, məlumata çıxış məsələsini nəzərə alaraq düşünürük ki, bu orijinalı Latın əlifbasında olan xüsusi adları qaydaya istisna olaraq qəbul etmək, dilin istifadəçilərinə uzun vadədə daha faydalı olacaq, nəinki, dilin uzun illərdir dəyişən şərtlərə uyğunlaşmayan qaydalarına riayət etmək. Dillər ifadə üçün istifadə edilən alətlərdir. Onları hansısa qaydalar həbsxanasına salmaq və daha da pisi, o həbsxanada saxlamağa çalışmaq cəhdləri heç vaxt uğurlu olmamışdır. Bütün dillər ehtiyaca bağlı olaraq dəyişir və Azərbaycan dili də buna istisna deyil. Məlumata çıxışın internet vasitəsilə rahatlaşdığı və demokratikləşdiyi bu zəmanədə, Azərbaycan dilinin də istifadəçilərinin ehtiyaclarına qarşılamasını görmək istəyirik və ona bu yolda uğurlar arzulayırıq.


Comments