top of page

İzzət Orucova adına Elmi Yazı Müsabiqəsi

Elmi Spektr jurnalı elmdə gender bərabərsizliyi məsələsini gündəmə gətirmək, bu problemin həllinə yönəlik kiçik də olsa bir addım atmaq məqsədilə Azərbaycanın ilk film aktrisası və eyni zamanda, ilk qadın kimya professoru olan İzzət Orucova adına I Elmi Yazı Müsabiqəsini elan edir. Ümumi götürdükdə, bu gün dünyada bərabər sayda qadın və kişi fəlsəfə doktoru (PhD) dərəcəsinə yiyələnsə də, karyerasını akademiyada davam etdirən qadınların sayı kişilərə nisbətən hələ də çox kiçikdir (~20%). Elmi təşkilatların və komissiyaların idarə heyətlərinə baxdıqda isə, bu rəqəm daha da kiçilir. Oxşar, hətta daha da acınacaqlı vəziyyət ölkəmizdə də müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyasının 178 üzvündən cəmi 19-nun qadın olması faktı bunun əyani sübutudur. Çox uzağa getməyək, jurnalımızın redaksiya heyətində sadəcə bir qadın üzvün olması ilə yanaşı, qadınlar oxucu kütləmizin yalnız 30%-ini təşkil edir. Elmdə gender bərabərliyinə nail olmaq, qadınları bu sahəyə həvəsləndirmək və karyera qurmaq şanslarını artırmaq üçün bütün dünyada müxtəlif təşəbbüslər, proqramlar və təqaüdlər mövcuddur. Elmi Spektr jurnalı olaraq, biz də bu axına qoşulur, cəmiyyətimizdə qadınların elmə marağının artması və elmi bir təşəbbüsdə təmsil olunması üçün bu müsabiqəni elan edirik. Bu il müsabiqədə iştirak üçün qadın yazarlar elmi mövzuda, jurnalın formatına və qaydalarına uyğun yazılar yazıb 15 İyul, 2016-cı il tarixinədək bizə göndərməlidirlər. Müsabiqə haqda daha ətraflı məlumat üçün, zəhmət olmasa, saytın müvafiq bölməsinə müraciət edin.

Qeyd: Elmi Spektr müstəqil elmi-kütləvi jurnaldır. Müsabiqə üçün nəzərdə tutulmuş mükafat tamamilə fərdi şəkildə toplanmış ianələrdən verilir.

bottom of page