top of page

Yazı Qaydaları

 

Jurnala (və sayta) təqdim olunacaq yazıları yazarkən aşağıdakı qaydalardan istifadə olunur. Qaydalar və nəyə görə var olduqları aşağıda göstərilmişdir.

  • Yazılarda nəzərə alınmalı şeylər

    1. Yazılar müvafiq mövzunu akademik və eyni zamanda adi insanlar üçün maraqlı şəkildə ələ almalıdır; açılan mövzu kifayət qədər inkişaf etdirilməlidir.

    2. Yazılarda təsviri məlumatlardan daha çox müəyyən elmi konseptlərin izahına üstünlük verilməlidir.

    3. Yazını başa düşmək üçün heç bir əlavə baza biliyinə ehtiyac olmamalıdır.

    4. İstifadə olunan terminlər hamı tərəfindən bilinən deyilsə, onların açıqlamaları footnote şəklində yazıya əlavə olunmalıdır.

    5. Yazıda heç bir irqçilik, seksizm və başqa ayrıseçkilik ifadə edən fikirlər səslənməməlidir.

    6. Jurnal elmin bütün sahələri üzrə, habelə elmin fəlsəfəsi, sosiologiyası, qanunvericiliyi, akademiya quruluşu haqda yazılar qəbul edir.

 

  • Yazmağa başlamazdan əvvəl jurnalın mövcud olan sayılarındakı yazıları oxumağınız və stilistik cəhətdən analiz etməyiniz yazacağınız yazının digərləri ilə ahəng təşkil etməsinə yardım edəcəkdir. Həddindən artıq quru, sadəcə tarixi məlumatlardan ibarət yazı, yəqin ki, nə özünüzün yaradıcılıq həvəsini, nə də oxucunun gözləntilərini təmin etməyəcəkdir. Unutmayın ki, jurnalımızı təkcə elm təhsili olan tələbələr deyil, hər yaş qrupundan və hər ixtisasdan olan insanlar oxuyacaqdır. Odur ki, izah etmək istədiyiniz məfhumu öz beyninizdə sadələşdirməli, hər nə qədər qəliz və quru olsa belə, müəyyən oxşatmalar, şəkillər və digər yardımçı vasitələrdən istifadə edərək izah etməlisiniz.

  • Məqalədə söz sayı 1500-3500 arası olmalıdır. Aylıq jurnal olduğumuz üçün az tutumlu məqalələri yayınlamağımız bir o qədər də düzgün olmazdı. Nəzərə alın ki, yazdıqlarınızda təkrarçılıq və ya lazımsız söz istifadəsi olduqda, bu, redaktə eləyən şəxs tərəfindən düzəldiləcəkdir. Odur ki, yazdığınız hər yeni cümlə ilə yeni bir məlumat və ya fikir ifadə etməlisiniz. Arasıra zarafat və başqa bu kimi elementlər əlavə edib, yazını daha rahat oxunulan etmək olar. 3500 sözdən uzun məqalələrinizi iki hissəyə bölüb paylaşmalı olacağıq ki, oxucunu çox uzun məqalələrlə yormayaq.

  • Qrammatikaya fikir vermək lazımdır. Mənbə olaraq bunlardan istifadə edə bilərsiniz: http://www.qkazimov.gen.az/arxiv/index1.htm və yaxud http://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/

  • Ancaq birincil (primary) elmi mənbələrdən istifadə olunmalıdır. Bunlara daxildir: elmi məqalələr, prezentasiyalar, leksiyalar, dərsliklər və digər akademik nəşrlər. Yalnız istisna hallarda digər populyar elmi jurnallardan və kitablardan istifadə etmək tövsiyyə olunur. Təbii ki, ilham almaq üçün bu populyar elmi jurnallar və saytlar yaxşı mənbələrdir, amma sadəcə ilhamlanmaq üçün. Məqsədimiz onun-bunun elədiyini təqlid etmək yox, yeni bir şeylər yazmaqdır. Hazırda yazılan populyar elmi jurnalların keyfiyyəti onsuz da kifayət qədər sual olunacaq səviyyədir. Bundan əlavə, bir çox populyar elmi jurnal və yaxud saytdan fərqli olaraq heç kimi əyləndirmək məcburiyyətində deyilik və heç bir maddi gözləntimiz və öhdəliyimiz yoxdur. Ümumiyyətlə, maddi heç nəyimiz yoxdur (zəncirlərimizdən başqa).

  • Yazıların sonunda mənbələr və mövzu ilə əlaqəli əlavə oxuma siyahısı olmalıdır və siyahı APA stilinə uyğun olmalıdır (məlumat üçün: https://owl.english.purdue.edu/owl/resource/560/1/). İstinad verməyi Google Docs üçün bir add-on olan Easy Bib-lə birbaşa da eləmək mümkündür. Xəbər saytı/jurnalı deyilik; ideal olaraq, yazılarda sabahısı gün aktuallığını itirəcək xəbərlər, kontekstindən çıxarılmış elmi yeniliklər yox, müvafiq mövzu və elm sahəsi üçün fundamental və maraqlı olan şeyləri əhatə etməyə çalışırıq. Bu da o deməkdir ki, oxucunun yazıdan sonra mövzu haqqında daha ətraflı məlumat almaq üçün ədəbiyyata çıxışı olmalıdır.

  • Yazılarında içində nömrələrlə istinad vermək olar. Verdiyiniz istinadlar da sonda “Mənbələr” başlığına əlavə olunmalı və APA stilində olmalıdır.

  • Yazılarda footnote, endnote, məlumatlandırıcı qutular kimi elementlərdən istifadə etmək alqışlanır. Endnote istifadə edəcəksinizsə, yazının sonunda ayrı bir qeydlər başlığı açmalısınız.

  • Mətni müxtəlif hissələrə bölməkdə sərbəstsiniz, lakin bunu edərkən mətnin çox parçalanmamasına, səliqəli və “consistent” olmasına diqqət etmək lazımdır; 4-cü dərəcəli altbaşlıqlar bu jurnalda qəribə görünərdi.

  • İşindən istifadə etdiyiniz müəlliflərin adlarını və varsa, akademik üzvlüklərini ətraflı qeyd etmək lazımdır. Müəllif haqqında ilk dəfə söz açanda bu məlumatı, məsələn, Toğrul Alməmmədov (Kimya Fakultəsi, ODTÜ, Ankara, Türkiyə) şəklində, mötərizədə qeyd etməyiniz kifayətdir. Bundan əlavə, məlumatınız varsa, müvafiq araşdırmanın hansı fondla maliyyələşdirilidiyini də qeyd etsəniz yaxşı olar. Bunlar insanların elmi araşdırmalarla ilə bağlı bilməli olduqları kiçik, amma vacib detallardır.

  • Yazılarla birgə istifadə olunan şəkillərlə bağlı

    • Şəkilləri nömrələyib şəkildə söhbətin nədən getdiyini yazın. Məsələn: Şəkil 1. Beynin quruluşu. a) Beynin yuxarıdan görünüşü, b) dərmanın tətbiq edildiyi ərazilərdə beyin aktivliyi.

    • Çalışın istifadə edəcəyiniz şəkilləri mümkün qədər özünüz hazırlayın (Photoshop, Chemdraw, və s. tipli proqramlarla). Ümumiyyətlə, müasir elmdə insanlardan bir çox bacarığa sahib olma tələb olunur ki, buna Photoshop kimi proqramları istifadə edə bilmək də aiddir.

    • Digər mənbələrdən aldığınız şəkillərin hardan alındığını şəkilaltı yazıda mötərizə içində göstərin. Məsələn: (wikipedia).

    • Şəkilləri başqa yerdən götürürsünüzsə, şəklin üstündəki yazıları azərbaycan dilinə tərcümə edib, photoshopda müvafiq dəyişiklikləri edin.

  • Yazıları yazarkən hansısa terminin azərbaycan dilində tərcüməsi yoxdursa, və yaxud siz bilmirsinizsə, google drivedakı terminologiya faylına nəzər salın, orada yoxdursa, əlavə edib, digərlərindən kömək istəyin. Beləcə, terminləri standartlaşdırmağa doğru bir addım atmış olarıq və kim bilir, lüğət böyüsə bəlkə çap da edərik.

  • Yazılışla bağlı bəzi məsələlər:

    • Orijinalı latın əlifbasında olan insan və yer adlarını və digər xüsusi isimləri transliterasiya eləməyinizə ehtiyac yoxdur. Transliterasiya mənbələrin axtarışını çətinləşdirir ki, bu da bizim məqsədlərimizə birbaşa ziddir. İnsanları ilhamlandıraraq, maraqlandıqları mövzularda özlərini daha da çox məlumatlandırmalarını istəyirik, buna görə də, əlavə resurslara çıxışı mümkün qədər rahatlaşdırmalıyıq. Bir də ki, azərbaycan dili rus dilindən fərqli olaraq latın əlifbası istifadə edir ki, bu da transliterasiyaya ehtiyacı aradan qaldırır. Bütün bu səbəblərdən, jurnal olaraq dil qurumunun əvvəl-axır verməli olduğu müvafiq qərarını gözləmək fikrində deyilik.

    • Adın düzgün oxunmasını istəyirsinizsə, adı ilk dəfə çəkəndə qarşısında düzgün tələffüzə uyğun azərbaycanca transliterasiyasını mötərizədə yerləşdirə bilərsiniz.

    • Adların içində tərcümə oluna bilən hissələr varsa, bunları tərcümə etmək olar. Məsələn, North Carolina'dan söhbət gedirsə, bunu Şimali Carolina yazmaq olar.

    • Adlara şəkilçi əlavə etdikdə isə türk dilində olduğu kimi apostrofdan istifadə edin, bu tiredən fərqli olaraq şəkilçiləri sözə daha yaxın yerləşdirir və beləcə, oxumanın axışını dayandırmır. Məsələn, Descartes'ın ortaya atdığı ruh-bədən dualizmi.

  • Yazıda link verməyi düşünürsünüzsə, linki https://bitly.com/ və yaxud https://goo.gl/ -dan qısaldıb yerləşdirin. Əgər linkdəki yazını mütləq oxunulmasını istəyirsinizsə http://www.qr-code-generator.com/-dan linkin QR kodunu yaradıb, yazıya əlavə edə bilərsiniz.

  • Yazıları ancaq və ancaq bildiyiniz mövzularda, oxuduğunuz sahə üzrə yazın. Maraqlandığınız məsələlər haqqında da yaza bilərsiniz (məsələn, elm fəlsəfəsi, akademiya quruluşu, elmdə qadınlar və s.), amma yazacağınız hər hansı bir mövzu üçün, ciddi elmi nəşrləri oxumuş və sahə üzrə bilgili olmağınız tələb olunur. Məsələn, statistika haqqında yazmaq üçün universitetdə iki statistika kursu götürmək bəs eləmir və yaxud din və elmlə bağlı nəsə yazmaq istəyirsinizsə təkcə Richard Dawkinsin youtube-dakı videolarına baxmaq bəs eləmir, bunlar çox dərin mövzulardır və onlar haqqında bir fikir irəli sürmək üçün bu mövzulara illərinizi sərf etmiş olmalısınız.

  • Oxucuların intellektinə hörmət edilməlidir; insanlar ağıllıdırlar və yaxşı başa salınan hər şeyi rahatca başa düşəcək qabiliyyətdədirlər; təkəbbürlülüyə (condescension) qarşı tolerant deyilik.

bottom of page