top of page

Çəhrayı Kosmik Zaman Gəmisinin Pəncərəsindən Elmi Spektr Qalaktikası

  • Töhfə Verənlər
  • May 31, 2016
  • 3 min read

Təxəyyül tez-tez bizi heç vaxt mövcud olmayan dünyalara aparacaq. Amma, o olmadan biz heç bir yerə getmirik.

Carl Sagan

Çəhrayı zaman avtobusun mühərrikini ilk dəfə işə salanda, əmin belə deyildik ki, bu avtobus bizi bir neçə dayanacaq ötəyə aparsın; amma budur, artıq dörd dayanacağı geridə qoymuşuq— Xəzər sahili səyahətdən tutmuş, ta müxbirimizin gələcəyə etdiyi səyahətə qədər. Bütün bu səyahətləri bəni-adəmin ən güclü silahlarından biri olan sonsuz təxəyyülə borcluyuq. Durduq, düşündük, və qərarə gəldik: əgər təxəyülümüz bizim bu çəhrayı avtobusu gələcəyə aparırsa, o zaman, yaqin kosmosa da apara bilər. Bu dumanlı xəyalın gerçəkləşmə ehtimalını şübhə dolu gülümsəmə ilə ötüb keçmənin astanasında idik ki, birdə baxdıq çəhrayı zaman avtobusu dönüb olub çəhrayı zaman kosmik gəmisi. Qeyri-iradi şəkildə, ruhlarımız bədənlərimizdən firar edib doluşdular bu kosmik gəmiyə.


İndi isə, sizlərə ağlasığmaz kosmik gəzintimizdən, bu gəzintinin fövqəltəbiiliyidən bihuş olmuş beyinlərimizdə həkk olmuş, bir neçə xatirəni nəql etməyə çalışacağıq. Gördüklərimizi hərfi-hərfinə ifadə etmək, bizim kimi sadə insanların şüurları üçün, olduqca çətindir; odur ki, təsvir qüvvəmizin yetərsizliyini əfv qılın. Bir də, nə qədər ki, təxəyyülümüzün üfüqləri reallığın sərhədlərindən daha genişdir, istədiyimiz qədər belə səyahətlər edə bilərik, özü də sizlərlə birlikdə, təki siz istəyin, yoldaş oxucu.


Xatirələrimizdə canlanan ilk mənzərə sürətli şəkildə Yeri geridə qoymağımız və Süd Yolu qalaktikasının hüdudlarına yaxınlaşmağımızdır. Kim olduğunu tam xatırlamasaq da, içimizdən biri, həzin səslə, Uçdu göylərə bizim peykimiz nəğməsini zümzümə edirdi. Növbəti xatirəmizdə artıq fəza boşluğunda idik, ətrafımızdakı milyonlarla qalaktikanın ölüm səssizliyi ilə hərəkət etməsi hər birimizin başını döndürürdü. Elə bu an, saatlarla kosmik gəminin pəncərəsində heyranlıqla donub qalmış yoldaşlarımızdan biri, nəhayət ki, hərəkətə gəldi və əli ilə bizi yanına çağırdı. Onun təəccübünə səbəb olan məhfum öz parıltısı ilə digərlərindən kəskin fərqlənən bir qalaktika idi. Düşünmədən ora istiqamətləndik. Xoşbəxtlikdən aramızdan bir nəfər bu qalaktika haqqında bolluca məlumata sahib idi; biz bu sirli məkandan keçdikcə, o da bizə gördüklərimiz barədə məlumat ötürürdü.


Məlum oldu ki, bu Elmi Spektr qalaktikasıdır. Mərkəzində Elm adlı, hədsiz güclü cazibəyə malik bir ulduz yer alır; ətrafında isə, altı müxtəlif ölçülü planet. Ağlımıza gələn ilk sual, bu qalaktikanın sakinlərinin olub olmaması idi və əgər var idilərsə, onlar hansı dildə danışırdılar? Sonradan öyrəndik ki, doğrudan da burada yerli sakinlər var imiş. Maraqlısı isə bu imiş ki, qalaktikanın ilk planetində yaşayan yerli sakinlər ta qədimdən iki müxtəlif dildə danışa bilmələri ilə tanınırmışlar, qısaca, ikidilli imişlər. Təəccüb içində ikinci planetə yaxınlaşdıq, agah oldu ki, buranın sakinləri müxtəlif canlıların mənşəyi ilə maraqlanırmışlar; şayələrə görə onlar hətta Darwin`in Növlərin Mənşəyi Üzərinə kitabını da öz ana dillərinə tərcümə ediblər. Elə bu barədə danışırdıq ki, bir də gördük üçüncü planetdən müxtəlif rəngli işıqlar ətrafa saçılır. Bunun səbəbi isə, bu planetin sakinlərinin optogenetika sahəsində mahir usta olmaqları imiş; beləki, optogenetika bu diyarda elə bir nöqtəyə çatıb ki, onlar bizim üçün elmi çevriliş sayılan bu metoddan bəzək aksesuarı kimi sitifadə edirlər. Dördüncü planetin sakinlərinə gəldikdə isə, elə birini tapmadıq ki, əlindən kitab əksik olsun. Onlardan birinin, Lawrence Krauss’un qələmə aldığı, Heç Nədən Yaranan Kainat kitabının giriş hissəsini oxuduğunu görəndə isə, heyrət hissismiz kosmik gəmimizi möhkəmcə sirkələdi. Beşinci planetin—altı planet arasında ölçücə ən kiçik olanı—sakinləri isə, olduqca gülməli idilər: bir əllərində spirtli içki, digərində isə su ilə dolaşır və olduqca halsız görünürdülər. Görünür, onlar alkoqolun sussuzluğa və dehidratasiyaya yol açmasından tamam xəbərsiz imişlər. Bu planeti də ötüb keçdikdə, qarşımızda ilk baxışdan dərk edə bilmədiyimiz bir mənzərə canlandı: heç bir sakini olmayan, nəhəng bir planet—altıncı və sonuncu planet. Digər beş planetdən sonsuz məsafədə yerləşən bu planetə, hər nə qədər çalışdıqsa da, çata bilmədik: sanki ona aparan yolda, zaman özü də sonsuzluğa qərq olmuşdu. Təəccüblü deyil ki, digər beş planetin sakinləri bu əlçatmaz planeti Sonsuzluq adlandırırlar.


Bütün bu qəribəliklərin fonunda, diqqətimizdən yayınmayan kədərli bir məqam var idi: bu Elmi Spektr qalaktikasında, Elm ulduzunun ətrafında dolanan bu planetlərdə kişilərin sayı qadınların sayından qat-qat çox idi. Maraqlandıq, özümüzə sual verdik. “Doğrudanmı Elmi Spektr`də qadın sakinlər, demək olar ki, yox səviyyədədir?”. Məlum oldu ki, vəziyyət həqiqətən də uzun müddətdir ki, belədir. Lakin, qalaktikanın sakinləri bu barədə olduqca nikbindirlər; onlar bütün səmimilikləri ilə inanırlar ki, bir gün gələcək, qalaktikada qadınların və kişilərin sayı bərabər olacaq. İçlərindən bəziləri hətta inanırlar ki, bir gün qadınların sayı kişilərin sayını ötüb keçəcək.


Ne deyirik hörmətli oxucu, kaş ki onların bu ümid və arzuları çin olaydı.



Comments


bottom of page