top of page

Növlərin Mənşəyi Üzərinə

  • Charles Darwin (Tərcümə: Ərtoğrul Alışbəyli və
  • May 31, 2016
  • 12 min read

Ⅰ Fəsil

ƏHLİLƏŞDİRMƏ ŞƏRAİTİNDƏ ÇEŞİDLİLİK

(əvvəli keçən saylarda)

SEÇMƏ

Gəlin, bir və ya bir neçə qohum növdən əhliləşdirilmiş sortların necə alındığına qısaca nəzər salaq. Bəlkə də bəzi kiçik effektləri xarici həyat şərtləri və vərdişlərin ayağına yazmaq olar; lakin qoşqu və yarış atları, ov və xəfiyyə itləri, poçt və mayallaq göyərçinləri arasındakı fərqləri bu kimi amillərlə izah etmək cəsarət tələb edir. Əhliləşdirilmiş sortlarda ən nəzərəçarpan xüsusiyyət, malik olduqları adaptasiyaların özlərinə yox, insan istifadəsi və istəyinə uyğun olmasıdır. İnsana yararlı bəzi variasiyalar yəqin ki, birdən, ya da bir mərhələdə yaranmışdır; məsələn, bir çox botanik hesab edir ki, iynələri ilə hər hansı bir mexaniki qurğudan geri qalmayan karxana fırçaotu (Dipsacus fullonum), yalnız yabanı Dipsacus'un (fırçaotunun) bir çeşididir.

Şəkil 1. Mədəni və yabanı karxana fırçaotunun xaricdən görünüşü. (Mənbə: Popular Science Monthly, 1891)

Belə bir dəyişiklik toxumda əmələ gələ bilərdi. Eyni şey aşbaz itində də olmuş ola bilərdi; və ankon qoyununda bunun belə olduğu məlumdur. Lakin qoşqu və yarış atını, bir və iki hürgüclü dəvəni, əkin sahələrinə və ya dağlıq otlara uyğunlaşmış, yunları fərqli məqsədlər üçün istifadə olunan qoyun sortlarını müqayisə etdikdə; hər biri insan üçün fərqli cür faydalı olan it sortlarını müqayisə etdikdə; döyüşdə inadkarlığı ilə tanınan oyun xoruzunu, digər az döyüşkən sortlarla, "daimi yumurtlayan" və heç vaxt kürt yatmaq istəməyən toyuqlarla, çox kiçik və qəşəng bantamla (ev quşu sortu) müqayisə etdikdə; müxtəlif mövsümlərdə və müxtəlif məqsədlər üçün insana çox faydalı olan yaxud da gözə xoş gələn saysız-hesabsız tarla, bağça, meyvə və dekorativ bitki irqlərini müqayisə etdikdə, fikrimcə, bəsit dəyişkənlikdən daha uzağa nəzər salmalıyıq. Bütün sortların birdən-birə indi olduqları kimi mükəmməl və faydalı şəkildə yarandığını zənn etməməliyik; həqiqətən də, bilirik ki, onların keçmişi bir sıra hallarda belə olmamışdır. Bunun açarı, insanın akkumulyativ (yığılan) seçmə qabiliyyətindədir: təbiət dayanmadan variasiyalar yaradır; insan onları özünə faydalı müəyyən istiqamətlərdə toplayır. Bu baxımdan, insanın özünə sərf edən sortları yaratdığını demək mümkündür.


Seçmə qanununun böyük təsiri fərziyyə deyil. Bəzi məşhur heyvandarlarımızın, hətta təkcə öz həyatları boyu, bəzi mal-qara və qoyun sortlarını böyük ölçüdə dəyişdirdiklərinə şübhə yoxdur. Nə etdiklərini daha ətraflı başa düşmək üçün bu mövzuda yazılmış traktatları oxumaq və heyvanları müşahidə etmək, demək olar ki, mütləqdir. Heyvandarlar adətən heyvanların quruluşundan, istədikləri formanı yarada biləcəkləri plastik (dəyişkən) bir şey kimi danışırlar. Əgər kifayət qədər yerim olsaydı, olduqca nüfuzlu müəlliflərdən bu barədə çoxlu sitat gətirərdim. Təsərrüfatçıların işləri ilə yəqin ki, hamıdan daha yaxşı tanış olan və özü də heyvanlardan çox yaxşı baş çıxaran Youatt'ın dediyi kimi, seçmə, “fermerlərə təkcə sürülərinin xüsusiyyətlərini deyil, onları tamamilə dəyişdirməyə imkan verir. “Bu, sehrbazın istədiyi formaya və qəlibə həyat verməsi üçün istifadə etdiyi sehrli çubuqdur.” Heyvandarların qoyunlara nə etdikləri haqda danışan Lord Sommerville “sanki divara özü-özülüyündə mükəmməl olan formanı çəkib, sonra onu var ediblər”, -deyir. Ən bacarıqlı seleksiyaçı heyvandar, Cənab John Sebright göyərçinlər barəsində deyərdi ki, “hər hansı bir lələyi üç ilə hazırlaya bilər, amma dimdik və kəllə hazırlamaq altı ilini alar.” Saksoniyada seçmə prinsipinin əhəmiyyəti o qədər yaxşı anlaşılıb ki, insanlar bunu bir peşə kimi öyrənirlər: onlar qoyunu stolun üstündə yerləşdirir, rəsm bilicisinin rəsm əsərini incələdiyi kimi incələyir; bu prosesi ay ərzində müəyyən intervallarla üç dəfə təkrarlayır və qoyunların ən yaxşılarını seçmək və çoxaltmaq üçün işarələyib, sinifləndirirlər.

METODİKİ SEÇMƏ

İngilis seleksiyaçıların əslində nəyə nail olduqlarını, yaxşı nəsil ağacına malik heyvanlara verilən böyük məbləğlər sübut edir; və bu heyvanlar dünyanın dörd bir yanına ixrac olunub. Təkmilləşmə, adətən müxtəlif sortların çarpazlaşdırılması ilə bağlı deyil; çox yaxın qohum olan alt-sortlar arasındakı çarpazlaşdırılmanı çıxmaq şərtilə, ən yaxşı seleksiyaçıların hamısı bu təcrübənin qəti əleyhinədir. Və çarpazlaşma aparıldıqdan sonra, diqqətli seçmə hətta adi hallardakından da daha zəruridir. Seçmə hansısa çox fərqli çeşidi ayırıb, çoxaltmaqdan ibarət olsaydı, prinsip diqqətə dəyməyəcək qədər açıq-aşkar olardı; lakin onun əhəmiyyəti təcrübəsiz bir gözlə seçilə bilməyəcək fərqlərin— ki, mən özüm də əbəs yerə bunların qiymətini başa düşməyə çalışmışam— ardıcıl nəsillər ərzində bir istiqamətdə yığılmasından yaranan böyük nəticədədir. Min insanda birində belə nüfuzlu heyvandar olmaq üçün lazım olan dəqiq göz və mühakimə qabiliyyəti yoxdur. Bir insan əgər bu xüsusiyyətlərə malikdirsə və mövzunu illər boyu öyrənibsə və tükənməz həvəslə həyatını bu işə sərf edibsə, uğur qazanıb, böyük inkişafa nail olacaq; bu keyfiyyətlərdən hansınasa sahib deyilsə, uğursuzluğa düçar olması labüddür. Çox az adam inanar ki, bacarıqlı göyərçin həvəskarı belə olmaq üçün təbii qabiliyyət və illərin təcrübəsinə ehtiyac var.


Eyni prinsiplərə bağbanlar də riayət edirlər; lakin, burada variasiyalar adətən daha qəfil olur. Heç kim zənn etmir ki, ən seçmə bitkilərimiz əcdadlarından bir dəyişmə ilə əldə edilmişdir. Qeydlərin saxlandığı bəzi hallarda bunun belə olmadığı ilə bağlı sübutlar var; ən sadə misal olaraq, quş üzümünün daim böyüyən ölçülərini göstərmək olar. İyirmi-otuz il əvvəlki şəkillərdə təsvir olunmuş gülləri indiki güllərlə qarşılaşdırdıqda onlardakı gur inkişafı görürük. Sort qərarlaşdıqdan sonra, toxumçular təzədən ən yaxşını seçməkdənsə, toxumların arasından “yaramaz” adlandırdıqları, standartlardan kənara çıxan fərdləri arıtlayıb çıxarırlar. Heyvanlarla da eyni formada seçmə aparılır; çünki heç kəs ən pis heyvanlarının belə çoxalmasına icazə verəcək qədər diqqətsiz deyil.


Bitkilərdə seçmənin yığılmış effektlərini müşahidə etməyin başqa bir yolu var—gül bağçasındakı eyni növün fərqli çeşidlərinin güllərindəki müxtəlifliyi qarşılaşdırmaq; mətbəx bağçasında qiymətli hesab olunan yarpaq, ləpə, köklər və ya başqa hissələrindəki müxtəlifliyi eyni çeşidlərin güllərindəki müxtəlifliklə qarşılaşdırmaq; bağdakı növlərin meyvələrinin müxtəlifliyini, yarpaq və güllərinki ilə qarşılaşdırmaq. Kələm yarpaqlarının nə qədər fərqli, güllərinin isə nə qədər çox oxşar olduğuna; alabəzək bənövşənin güllərinin nə qədər fərqli, yarpaqlarının nə qədər oxşar olduğuna; müxtəlif quşüzümü sortlarında meyvə ölçüsünün, rənginin, forma və tüklülüyünün nə qədər fərqli və güllərindəki fərqin hələ də çox cüzi olduğuna fikir verin. Bu o demək deyil ki, bir xüsusiyyətə görə çox fərqlənən çeşidlər, digər xüsusiyyətlərinə görə fərqlənmirlər; bu, demək olar ki, heç vaxt belə olmur. Əhəmiyyəti heç vaxt gözdən qaçırılmamalı olan qarşılıqlı böyümə qanunları müəyyən fərqliliklər yaradacaqdır; lakin, ümumilikdə, bir qayda olaraq, yarpaqlarda, güllərdə və ya meyvələrdə çeşidliliklərin daima seçilməsinin son nəticədə bir-birilərindən əsasən bu hissələrinə görə fərqlənən çeşidlər yaradacağına şübhə edə bilmərəm.


İddia oluna bilər ki, seçmə prinsipi yalnız son 75 ildə metodiki praktikaya çevrilmişdir; doğrudur, son illər bu məsələyə daha artıq diqqət ayrılıb, bir çox traktatlar yazılıb; və əlavə etməliyəm ki, nəticələr çox qısa müddətdə ortaya çıxmış və əhəmiyyətli olmuşdur. Lakin bu prinsipin müasir bir kəşf olduğu fikri səhvdir. Antik dövrlərdə prinsipin əhəmiyyətinin anlaşıldığını göstərən istinadlar verə bilərəm. İngilis tarixinin yabanı və barbar dövrlərində, seçkin heyvanlar idxal edilir və ixracının qarşısını almaq üçün qanunlar qəbul olunurdu: toxumçular “yaramazları” arıtladıqları kimi, müəyyən ölçülərin aşağısında atlar da məhv edilirdi. Qədim bir Çin ensiklopediyasında seçmə prinsipi haqda xüsusi söz açıldığını görmüşəm. Klassik Roma yazıçıları müfəssəl seçmə qaydalarını vermişdirlər. Yaradılışın hissələrindən məlumdur ki, o vaxtlar əhliləşdirilmiş heyvanların rənglərinə fikir verirdilər. İndiki ibtidai insanlar öz it sortlarını inkişaf etdirmək üçün bəzən vəhşi köpəklərlə çarpazlaşdırırlar və Pliny’nin yazılarında təsdiq edildiyi kimi, onlar bunu əvvəllər də edirdilər. Bəzi Eskimosların kirşə itlərində etdikləri kimi, Cənubi Afrikadakı aborigenlər də qoşqu sığırlarını rənglərinə görə uyğunlaşdırırlar. Livingstone Mərkəzi Afrikada, avropalılarla təmasda olmamış qaradərililərin yaxşı əhliləşdirilmiş sortlara necə dəyər verdiyindən bəhs edir. Bu faktlardan bəziləri seçməni göstərməsə də, qədim zamanlarda əhliləşdirilmiş heyvan yetişdirməyə nə qədər diqqət ayrıdığını və indinin özündə də, ən aşağı yabanı insanlar tərəfindən də dəyərləndirildiyini göstərir. Yaxşı və pis xüsusiyyətlərin irsən ötürülməsinin bu qədər açıq-aşkar olduğunu nəzərə alsaq, heyvan yetişdirməyə diqqət ayrılmaması qəribə olardı.

QEYRİ-İXTİYARİ SEÇMƏ

Hal-hazırda nüfuzlu heyvandarlar ölkədə mövcud olanlardan daha üstün sortlar və ya alt-çeşidlər yaratmaq məqsədi ilə metodiki seçməni yoxlayırlar. Lakin burada bizim üçün maraqlı olan Qeyri-İxtiyari adlandıra biləcəyimiz, hamının ən yaxşı sorta sahib olub, çoxaltmaq istəyindən yaranan Seçmə növü daha maraqlıdır. Beləliklə, pointer itləri saxlamaq istəyən adam mümkün qədər yaxşı itlər əldə edib və sonra ən yaxşı itlərini yetişdirməyə çalışsa da, onda sortu həmişəlik dəyişdirmək arzusu və ya ümidi olmur. Lakin şübhə etmirəm ki, əsrlər boyu davam edən bu proses, Bakewell, Collins, və s-in, hətta təkcə öz həyatları ərzində, eyni üsulla, amma daha metodiki şəkildə mal-qaralarının quruluş və keyfiyyətinə etdikləri dəyişiklər qədər, sortların inkişafına və dəyişməsinə gətirib çıxarar. Sortların çoxdan öyrənilmiş faktiki göstəriciləri və çəkilmiş şəkilləri (hansı ki müqayisə üçün vacibdir) olmadan, bu tipli yavaş və sezilməyən dəyişikliklərin fərqinə varmaq heç vaxt mümkün ola bilməz. Lakin bəzi hallarda, sortun daha az inkişaf etdirildiyi daha az mədəni yerlərdə, dəyişməyən və ya çox cüzi dəyişən sortlar tapmaq mümkündür. Kral Charles’ın spanielinin o vaxtdan bəri qeyri-ixtiyari olaraq dəyişidirildiyinə inanmaq üçün səbəb var. Bəzi nüfuzlu mütəxəssislər əmindirlər ki, ov tulası birbaşa spanieldən törəyib və böyük ehtimalla onun yavaş-yavaş dəyişilməsindən yaranıb. İngilis pointerinin son bir əsr ərzində çox dəyişdiyi məlumdur və bu dəyişikliyin əsasən tülkü tazısıyla çarpazlaşmadan gəldiyi zənn edilir; lakin, bizi maraqlandıran şey odur ki, dəyişmə zamanla və qeyri-ixtiyari, amma o qədər effektiv olmuşdur ki, pointerin İspaniyaniyadan gəldiyini bildiyimiz halda, Cb. Barlow’un mənə dediyinə əsasən, o, İspaniyada pointerə oxşar yerli itlə rastlaşmamışdır.


Eyni seçmə prosesi və gərgin məşqlər nəticəsində, İngilis cıdır atları, əcdadları olan Ərəb atlarını sürət və bədən ölçüsündə o qədər keçmişlər ki, Goodwood Yarışlarının qaydalarına əsasən yarışda ərəb atlarına çəkilərində güzəştlər edilmişdir. Lord Spencer və başqaları bu ölkədə saxlanılan əcdadları ilə müqayisədə, ingilis mal-qarasının çəkisinin artdığını və erkən yetkinliyə çatdığını göstərmişlər. Köhnə göyərçin traktatlarında verilmiş məlumatlarda təsvir edilən poçt və mayallaq göyərçinlərini, indi Britaniya, Hindistan və İranda yaşayan eyni sortlarla müqayisə etdikdə, düşünürəm ki, onların hiss olunmadan keçdikləri mərhələləri və sonda çöl göyərçinindən xeyli fərqləndiyini aydın şəkildə izləyə bilərik.


Əhliləşdirilmiş heyvanların balalarına irsən ötürülmüş xüsusiyyətlərlə bağlı heç vaxt düşünməyən yabanı insanlar mövcud olsalar belə, onlara hansısa məqsəd üçün lazım olan seçmə heyvanları, barbarların tez-tez qarşılaşdığı aclıq və digər fəlakətlər zamanı, diqqətlə qoruyub, saxlayacaq və bu seçmə heyvanlar daha zəif olanlardan daha çox bala verəcək; beləliklə, qeyri-ixtiyari seçmə baş tutacaqdı. Heyvanlara verilən dəyəri Tierre del Fuego (“Alovlar Ölkəsi”) barbarlarının aclıq zamanında itlərdən daha az qiymət verdikləri qoca qadınları öldürüb yemələrindən görürük.


Bitkilərdə, ilk dəfə ortaya çıxdıqları zaman ayrı çeşidlər olaraq sinifləndirilməyə kifayət edəcək qədər fərqli görünüb görünməməsindən, iki ya da daha artıq növün və ya irqin çarpazlaşmasından törəmiş olub olmamasından asılı olmayaraq, ən yaxşı fərdlərin arasıra seçilib, saxlanılaraq tədricən inkişaf etdirilməsi prosesini, alabəzək bənövşə, qızılgül, ətirşah, soğangülü və başqa çeşidlərin ölçü və gözəllik baxımından köhnə çeşidlər və ya öz əcdadları ilə müqayisədə daha üstün olmasında müşahidə edə bilərik. Heç kim yabanı bitkilərin toxumundan nə vaxtsa çox gözəl alabəzək bənövşə və ya soğangülü alacağını güman etməz. Heç kim yabanı armudun toxumundan əla növ yumşaq armud alacağını gözləməz, amma yabanı şəraitdə böyüyən bağ çeşidindən götürülmüş tingədən nəticə almaq olar. Klassik çağdan əkilməsinə baxmayaraq, Pliny’nin təsvir etdiyinə əsasən, görünür, armud aşağı keyfiyyətli meyvə sayılırdı. Bitkiçiliklə bağlı əsərlərdə belə aşağı keyfiyyətli materiallardan belə əsrarəngiz nəticə aldıqlarına görə bağbanların tərifləndiyini görmüşəm; lakin, gəlinən nəticələri nəzərə aldıqda, sözügedən sənətin əslində çox sadə olduğuna, az qala qeyri-ixtiyarı yerinə yetirildiyinə şübhə edə bilmirəm. Proses həmişə ən yaxşı çeşidləri becərməkdən, onların toxumlarını əkməkdən və bir az daha yaxşı çeşid ortaya çıxandan sonra, onu ayırıb, bu formada davam etməkdən ibarət idi. Lakin, əllərinə keçən ən yaxşı armudu əkən klassik çağın bağbanları, bu gün necə əsrarəngiz meyvə yeyəcəyimizi fikirləşə bilməzdilər; buna baxmayaraq, əla meyvəmizi, az da olsa, onların təbii olaraq, tapa bildikləri ən yaxşı çeşidləri seçib, yetişdirmələrinə borcluyuq.


Becərilmiş bitkilərdə bu cür yavaş və qeyri-ixtiyari şəkildə yığılaraq ortaya çıxmış dəyişikliklər, çox yaxşı məlum olan faktı—uzun müddət gül və mətbəx bağçalarımızda becərilmiş bitkilərin əcdadlarından bixəbər olduğumuzu—açıqlayır. Əgər bitkilərimizi indi bizə lazım olduqları səviyyəyə gələcək qədər dəyişdirmək əsrlər, minilliklər alıbsa, yabanı insanların yaşadığı Avstraliya, Ümid Burnu və bu kimi yerlərdən niyə becərilmək üçün uyğun bir dənə də olsun bitki çıxmadığını anlaya bilərik. Bu ona görə deyil ki, xeyli zəngin növləri olan bu ölkələrdə faydalı bitki əcdadları yoxdur; bu ona görədir ki, buradakı yerli bitkilər qədimdən qalma mədəniyyətlərdəki bitkilər kimi, mükəmməlliyə çatmaq üçün lazımi daimi seçməyə məruz qalaraq, inkişaf etdirilməyiblər.


Mədəni olmayan insanlar tərəfindən saxlanılan ev heyvanları haqda unutmamalıyıq ki, bu heyvanlar ən azı ilin bəzi fəsillərində öz qidalarını axtarmağa məcburdurlar. Bundan əlavə, eyni növə aid, bir-birindən quruluşca və ya cüssə baxımından azca fərqlənən iki fərd, fərqli şəraitli ölkələrin birində digərindən daha uğurlu ola və beləliklə, qabaqda söhbət açacağımız kimi, “təbii seçmə” prosesi ilə iki altçeşid əmələ gələ bilər. Bu, bəlkə də, digər müəlliflərin qeyd etdiyi kimi yabanı insanlar tərəfindən saxlanılan növlərin, mədəni ölkələrdəki çeşidlərə nisbətən növə xas xüsusiyyətləri niyə daha çox qoruduqlarını müəyyən qədər açıqlayır.

İNSAN TƏRƏFİNDƏN SEÇMƏ

Burada bəhs olunduğu kimi, əhliləşdirilmiş sortların niyə insanın ehtiyaclarına və istəklərinə uyğun adaptasiyaları olduğu, insanın seçmə prosesində oynadığı vacib roldan aydın olur. Fikrimcə, əhliləşdirilmiş sortların çox vaxt anormal xüsusiyyətlərə malik olmasını və xarici əlamətlərinə görə bir-birilərindən həddən artıq fərqlənsələr də, daxili hissələrində və orqanlarında daha cüzi fərqləndiklərini başa düşə bilərik. İnsan xaricdən görünməyən hər hansı quruluş dəyişikliklərini ya seçə bilmir, ya da çox çətinliklə seçir; və ümumiyyətlə, daxildə nə olduğu ona adətən maraqlı deyil. Təbiətin verdiyi ilkin çeşidlilik olmadan, insan seçmə edə bilməz. Heç kəs, quyruğu müəyyən qədər fərqli formada inkişaf etmiş göyərçini görmədən, lələkquyruğu və yaxud müəyyən qədər qəribə ölçülü çinədana sahib göyərçin görmədən şişman göyərçini yetişdirməyə çalışmaz; və əlamətlər ilk dəfə əmələ gələndə, nə qədər qəribə və anormal olarsa, insanın diqqətini çəkmə ehtimalı bir o qədər yüksək olur. Lakin lələkquyruq yetişdirməyə çalışmaq tipli ifadələr şübhəsiz ki, bir çox hallarda tamamilə yanlışdır. Bir az uzun quyruqlu göyərçini seçən ilk insan, o göyərçinin nəsillərinin uzunmüddətli, müəyyən qədər qeyri-ixtiyari və müəyyən qədər metodiki seçmə yolu ilə nəyə dönəcəklərini yatıb yuxusunda belə görə bilməzdi. Bəlkə də, əcdad lələkquyruqda indiki Yava lələkquyruğundakı kimi sadəcə on dörd, ya da digər sortlardakı kimi on yeddi lələk var idi. Bəlkə də ilk şişman göyərçin çinədanını turbitin indi yemək borusunun üst hissəsinin şişirtdiyindən—bu, sözügedən sortun əsas xüsusiyyətlərindən olmadığından həvəskarlar tərəfindən vacib sayılmır—artıq şişirdə bilmirdi.


Həvəskarın diqqətini cəlb etməsi üçün quruluşda hansısa böyük dəyişikliyə ehtiyac olduğu düşünülməsin; o, ən kiçik fərqlilikləri də hiss edir və sahib olduğu şeylərdə yaranan hansısa yeniliyə dəyər vermək insanın təbiətində var. Eyni növün müxtəlif fərdləri arasında əvvəllər dəyərli hesab olunan dəyişikliklər, sortlar qərarlaşdıqdan sonra eyni qədər dəyərli olmaq məcburiyyətində deyillər. Göyərçinlər arasında əmələ gələ biləcək və əmələ gələn dəyişikliklər çox vaxt mükəməllik standartından kənaraçıxmalar olaraq rədd edilir. Adi qaz heç bir xüsusi çeşidlərə yol açmayıb; buna görə də, son zamanlar, adi sortdan ən keçici xüsusiyyət sayılan rəngdən başqa heç nə ilə fərqlənməyən Thoulouse sortu sərgilərdə fərqli bir çeşid kimi nümayiş olunurdu.


Məncə, bu yanaşma bəzən səslənən fikirləri—daha dəqiq desək, heç bir əhliləşdirilmiş sortumuzun mənşəyi haqda heç nə bilmədiyimizi— bir az daha izah edir. Lakin, əslində, sortun eynilə dildəki dialektlər kimi, hansısa müəyyən bir mənşəyi olduğunu demək çox çətindir. İnsan quruluş baxımından kənaraçıxmaları qoruyub, çoxaldır və yaxud, ən yaxşı heyvanlarını cütləşdirəndə həmişə göstərdiyindən daha artıq qayğı göstərir və beləliklə, onları inkişaf etdirir ki, inkişaf etmiş fərdlər tədricən qonşuluqdakı ərazilərə yayılır. Lakin, yeni adları olmadığından və ancaq cüzi əlavə dəyər qazandıqlarından, onların tarixinə həmişə etinasız yanaşılacaq. Eyni yavaş və tədrici proseslə inkişaf etdikdən sonra, daha da geniş yayılacaq və özünəməxsus və dəyərli bir şey kimi qəbul olunub, yəqin ki, ilk dəfə ad qazanacaqlar. Azad kommunikasiyanın az olduğu, yarı inkişaf etmiş ölkələrdə, yeni sortların və biliyin yayılması çox yavaş bir proses olacaq. Yeni altçeşidi dəyərli edən nöqtələr, hər nədirsə, tamamilə qəbul olunduqdan sonra, qeyri-ixtiyari seçmə adlandırdığım prinsip—sort dəbə minib, dəbdən düşməyindən asılı olaraq müəyyən dövrdə digərindən daha artıq—müvafiq yerlərdə yaşayanların mədəniyyət səviyyəsindən asılı olaraq bəzi yerlərdə digərlərindən daha artıq—o xüsusiyyətlərə yavaş-yavaş yenilərinin əlavə olunmasına gətirib çıxaracaq. Lakin bu cür yavaş, dəyişkən və hiss olunmaz dəyişikliklərin qeydə alınması ehtimalı çox aşağı olacaq.

SEÇMƏ ÜÇÜN ƏLVERİŞLİ HALLAR

İndi isə, insanın seçmə qabiliyyəti üçün əlverişli hallar haqda bir-iki kəlimə deməliyəm. Aydındır ki, yüksək dəyişkənlik seçmə aparmaq üçün material təmin etdiyindən çox əlverişlidir; ona görə yox ki, fərdi fərqliliklər həddən artıq diqqət hesabına istənilən istiqamətdə yığılmaq üçün kifayət deyil. Ona görə ki, insana lazım və ya xoş gələn çeşidliliklər az-az peyda olduğundan, onların ortaya çıxma ehtimalını yalnız çox sayda fərd saxlamaqla artırmaq mümkündür; və buna görə də, uğurlu olmaq üçün ən başlıca faktor saydır. Bu prinsipə uyğun olaraq Yorkshire’in bəzi hissələrindəki qoyunlarla əlaqədar olaraq Marshall deyir: “ onlar adətən kasıb əhali tərəfindən, kiçik dəstələr şəklində saxlandığından, onları inkişaf etdirmək heç vaxt mümkün olmayacaq.” Bir başqa tərəfdən, həvəskarlarla müqayisədə, eyni bitki ilə çox işləmiş peşəkar şitillikçilər yeni və dəyərli çeşidlər yaratmaqda daha uğurludurlar. Bir növün fərdlərini böyük sayda saxlamaq üçün onları rahatlıqla çoxala biləcəyi, əlverişli həyat şəraiti ilə təmin etmək lazımdır. Fərdlərin sayı az olanda, xüsusiyyətlərinin necə olmasından asılı olmayaraq bütün fərdlərin çoxalmasına icazə veriləcək və belədə, seçmənin qarşısı alınacaq. Lakin, yəqin ki, ən vacib faktor odur ki, bitki və ya heyvan insana o dərəcə faydalı olmalı, ona o qədər dəyərli olmalıdır ki, quruluşdan ən cüzi kənaraçıxmalara belə diqqət yetirilsin. Bu diqqət olmadan heç nəyi dəyişmək mümkün deyil. Çiyələyin bağbanlar onlara fikir verməyə başladıqdan sonra dəyişilməyə uğradığının ciddi şəkildə iddia edildiyini görmüşəm; şübhəsiz ki, çiyələk becərilməyə başladığı vaxtdan bəri dəyişkən olmuşdur, lakin ondakı cüzi dəyişikliklərə məhəl qoyulmamışdır. Buna baxmayaraq, elə ki, bağbanlar bir az daha iri, tez əmələ gələn və yaxşı meyvə verən fərdləri seçib, onlardan şitillər əkməyə başladılar və daha sonra, təzədən ən yaxşı şitilləri seçib, çoxaltdılar, ondan sonra, otuz-qırx ildə yetişdirilmiş təqdirəlayiq çiyələk sortları ortaya çıxmağa başladı (bəzi fərqli növlərlə çarpazlaşmanın da köməyi ilə də).


Fərqli cinsiyyətdən fərdlərə sahib heyvanlarda yeni çeşidlər əmələ gətirmək üçün—ən azından başqa çeşidlərin də olduğu ölkədə— çarpazlaşmanın qarşısını alacaq təchizata ehtiyac var. Bu baxımdan, torpaq sahəsinin çəpərə alınması vacibdir. Köçəri barbarlarda və ya açıq düzənliklərdə yaşayanlarda çox vaxt eyni növün birdən çox sortu olmur. Göyərçinlərin ömürlük cütləşdirilə bilməsi həvəskar üçün çox əlverişli bir haldır; çünki, bu, eyni qəfəsdə olan sortların saf qalmasına kömək edir; və bu hal, yeni göyərçin sortlarının yaranmasına və inkişaf etməsinə böyük təkan vermişdir. Bundan əlavə, göyərçinləri çox sayda və qısa zaman çərçivəsində çoxaltmaq olur və zəif fərdləri rahatlıqla aradan qaldırmaq mümkündür, çünki, onlar kəsildikdən sonra qida olaraq istifadə oluna bilər. Bir başqa tərəfdən, gecələr gəzəyən vərdişlərinə görə, pişikləri həmişəlik cütləşdirmək mümkün deyil və qadınlar və uşaqlar tərəfindən nə qədər sevilsələr də, sortun saf saxlandığına çox nadir hallarda rast gəlmək olur; yenə də bəzən gördüyümüz sortlar, demək olar ki, bütün hallarda başqa ölkələrdən, adətən adalardan idxal olunurlar. Bəzi ev heyvanları digərlərindən daha dəyişkən olsa da, pişiyin, uzunqulağın, qazın və başqalarının çox sayda fərqli sortlarının olmamasının səbəbi, onlar üzərində seçmə prosesinin aparılmadığı ola bilər: pişiklərdə cütləşdirmənin çətinliyindən; uzunqulaqda çox az sayda və kasıb insanlar tərəfindən saxlanılması və yetişdirilməsinə diqqətin ayrılmamasından; tovuz quşlarında saxlamağın və çox sayda fərd əldə etməyin çətinliyindən; qazda isə sadəcə iki məqsəd, qida və tük, üçün saxlandığı və fərqli çeşidlərinin nümayişinin uğurlu olmadığından seçmə aparılmamışdır.


XÜLASƏ

Heyvan və bitkilərin mədəni növlərinin mənşəyi barədə xülasə üçün. İnanıram ki, çoxalma sisteminə etdiyi təsirə görə, həyat şərtləri çeşidliliyin əmələ gəlməsi üçün ən vacib amillərdir. Bəzi müəlliflərin dediyi kimi, çeşidliliyin bütün şərtlər altında qaçınılmaz vəziyyət olduğuna inanmıram. Çeşidliliyin təsiri, fərqli dərəcədə irsiyyət və geri dönüşə görə dəyişir. Çeşidlilik bir çox naməlum qanunla idarə olunur, xüsusilə də, böyümənin qarşılıqlı əlaqələri ilə. Bəzi şeyləri birbaşa həyat şərtlərinin ayağına yazmaq olar. Bəzi nəticələr isə istifadə və istifadəsizliyə aid edilməlidir. Bu şəkildə əmələ gələn son nəticə sonsuz dərəcədə mürəkkəbdir. Bəzi hallarda, fərqli əcdadların çarpazlaşmasın əhliləşdirilmiş sortların alınmasında böyük rol oynadığına şübhə etmirəm. Hər hansı bir ölkədə bir neçə əhliləşdirilmiş sort yetişdirildikdən sonra, onların çarpazlaşdırılıb, diqqətlə seçilməsi, şübhəsiz ki, yeni altsortların əmələ gəlməsinə kömək etmişdir; lakin, həm heyvanlarda, həm də toxumla çoxalan bitkilərdə fərqli çeşidlərin çarpazlaşdırılmasının əhəmiyyəti çox şişirdilib. Calaq, tumurcuq, və s. yollarla çoxaldılan bitkilərdə fərqli sortların çarpazlaşdırılmasının əhəmiyyəti böyükdür; çünki, burada, əkinçi hibrid və mələzlərin həddən artıq dəyişkənliyinə, hibridlərin çox vaxt bəhərsiz olduğuna fikir vermir; lakin, toxumla çoxaldılmayan bitkilər qalıcı olmadığından bizə maraqlı deyil. Dəyişikliyin sadaladığım səbəbləri arasında, metodiki və çox sürətli və yaxud qeyri-ixtiyari və yavaş, amma daha səmərəli şəkildə tətbiq olunmasından asılı olmayaraq, Seçmənin toplanan təsiri ən qabaqcıl Gücdür.

Mənbələr

  1. Darwin, C. R. (1975). On the origin of species. Cambridge, MA: Harvard University Press. 29-43.

Comments


bottom of page