top of page

Heç Nədən Yaranan Kainat

  • Lawrence Krauss (Tərcümə: Balaqardaş Bəşirov)
  • May 31, 2016
  • 8 min read

Lawrence Krauss Arizona Dövlət Universitetində nəzəri fizika və kosmologiya professorudur. Akademik işlərindən əlavə, Krauss tez-tez müzakirə və debatlarda iştirak edir, elmin populyarlaşmasına dair işlər görür. “Heç Nədən Yaranan Kainat”ı (ing. Universe from Nothing) müəllifin ən uğurlu kitabı saymaq olar. O, kitabda fizika qanunlarının kainatın yoxdan var olmasına imkan verdiyini anlatmağa, və bu yolda bir çox alimlərin kəşflərindən və cavablara doğru yolundan danışır. Krauss müasir fizikanı ən sadə şəkildə anlatmağa çalışarkən, eyni zamanda elmi bilgilərin teoloqlar tərəfindən yanlış istifadə etdiklərini göstərir, dinin elmdən fərqindən də bəhs edir. Böyük mövzularda fizikanın sözünü bu qədər sadə formada çatdırmaq həqiqətən də böyük bir şeydir. Heç Nədən Yaranan Kainatı ən yeni kosmoloji kəşfləri adi insana çatdırmaqda ən uğurlu kitablardan saydığım üçün (Richard Dawkins də sonsöz hissəsində kitabı Fizikanın "Növlərin Mənşəyi” adlandırır) onu Azərbaycan dilinə tərcümə eləməyi qərara aldım. Kitabın orijinalı ADA Universiteti kitabxanasında mövcuddur (ilk tanışlığımız ordan olub). Əli çatan və ingilis dili bilən oxucularımıza kitabı əldə edib oxumağı məsləhət görürük. Hələlik isə “Giriş” ilə işə başlayaq. Gələn yazılarda Big Bang, CMBR, virtual hissəciklər və s. danışmaq ümidilə, görüşənədək...

Yuxu və ya kabus, təcrübəmizi olduğu kimi yaşamalıyıq və onu ayıq yaşamalıyıq. Biz hər dəliyindən elm axan dünyada yaşayırıq; o, tam və realdır. Tərəf tutaraq onu sadəcə bir oyuna çevirə bilmərik.

—JACOB BRONOWSKİ

Giriş

Əvvəldən etiraf etmək istərdim ki, hər yaradılışın yaradanı olmalıdır ideyasına qarşı heç bir rəğbətim yoxdur, bu fikir bütün dünya dinlərinin əsasını təşkil edir. Hər gün soyuq qış səhərindəki qar dənəciklərindən tutmuş günortadan sonra yağan yay yağışının rəngarəng göy qurşağına qədər gözəl və möcüzəvi cisimlər öz-özünə əmələ gəlir. Lakin, ən qızğın fundamentalistlər xaricində heç kəs, hər bir belə cismin sevgi ilə, zəhmətlə, və hamısından önəmli məqsədli şəkildə ilahi bir ağıl tərəfindən yarandığını təklif etməz. Əslində, bir çox insan, alimlər də daxil, qar dənəciklərinin və göy qurşaqlarının necə əmələ gəlməsinin sadə, eleqant fizika qanunları ilə izahından həzz alır.

Əlbəttə, soruşula bilər, çoxları soruşur da, "Bu fizika qanunları haradan gəlir?" və ya daha təklifedici şəkildə "Kim bu qanunları yaratdı?". Hətta, əgər birisi bu ilkin sualları cavablandıra bilsə də, iddiaçı çox vaxt soruşacaq, "Bəs bu haradan gəldi?" yaxud "Kim bunu yaratdı?" və s.

Nəticədə, bir çox düşüncəli insanlar ‘Birinci Səbəb’ ehtiyacına yönəlirlər, Plati, Aquinos və ya müasir Roma Katolik Kilsəsi birinci səbəbi hər zaman hər yerdə əbədi olan və olacaq, ilahi varlıqla əlaqələndirirlər.

Buna baxmayaraq, Birinci Səbəbin qəbul edilməsi yenə də ortaya sual çıxarır, "Yaradanı kim yaratdı?". Ümumiyyətlə, yaradıcısız əbədi var olan kainat əvəzinə əbədi bir yaradanı dəstəkləməkdə fərq nədir?

Bu arqumentlər hər zaman mənə kainatın başlanğıcı haqqında seminar verən bir ekspert haqqındakı məşhur bir hekayəni xatırladır (bəzən o şəxsin Bertrand Russel olduğu deyilir, bəzən isə William James), onunla dünyanın nəhəng bir tısbağa üzərində saxlanıldığına inanan bir qadın debat edir. Bu tısbağa başqa bir tısbağanın üstündə dayanır, o da başqa bir tısbağanın üzərində, və . . . "aşağıya doğru tısbağalar". Sonsuz sayıda reqressiya olunan öz-özünü saxlayan yaradıcı güc, bu tısbağadan daha ülvi bir güc də olsa belə, bizi kainatı əmələ gətirən qüvvəyə heç cürə yaxınlaşdırmır. Buna baxmayaraq, sonsuz reqressiya metaforu kainatı əmələ gətirən real prosesə bir yaradıcının (creatonist?) açıqlamasından daha yaxın ola bilər.

Sualı ortadan qaldırmaq üçün prosesin Tanrıda dayandığını iddia etməklə məsələyə açıqlama gətirmək olar, amma burda mən öz mantrama sığınıram: Kainat olduğu kimidir, biz bunu bəyənsək də, bəyənməsək də. Yaradanın varlığı və ya yoxluğu bizim istəklərimizdən asılı deyil. Tanrısız dünya çox çətin və mənasız görünə bilər, lakin bu Tanrının həqiqətən varlığına dəlalət etmir.

Bənzər olaraq, bizim ağlımız sonsuzluq qavrayışını dərk etməyə bilər (buna baxmayaraq bizim ağlımızın məhsulu olan riyaziyyat bunu çox yaxşı bacarır), amma bu sonsuzluğun olmaması mənasına gəlmir. Bizim kainat fəza və ya zaman mənasında sonsuz da ola bilər. Yaxud, Richard Feynman qeyd etdiyi kimi, fizika qanunları sonsuz qabıqlı soğan kimi ola bilər, biz daha fərqli ölçülərdə işlədikdə yeni qatlar işlək ola bilər. Biz sadəcə olaraq bilmirik!

İki min ildən artıqdır ki, "Nə üçün heç nə yox, nəsə var?" sualı, kainatın - ulduzlar, qalaktikalar, insanlar və başqa kim bilir nələrin - dizaynsız, plansız, və ya məqsədsiz ortaya çıxması ideyasına qarşı bir sədd kimi qoyulmuşdur. Baxmayaraq ki, bu çox zaman fəlsəfi və ya dini sual kimi sinifləndirilir, bu hər şeydən əvvəl birbaşa təbiət haqqında sualdır, və onu müzakirə edib həll etmək üçün ən düzgün yer elmdir.

Bu kitabın məqsədi sadədir. Mən sizə müasir elmin nəyə görə heç nədənsə nəyinsə olması sualına bir neçə formada cavab verə bilməsini, və verdiyini göstərmək istəyirəm. Heyranedici gözəl təcrübi nəticələr, indiki müasir fizikanın təməlində duran nəzəriyyələrdən ortaya çıxan cavablar onu göstərir ki, heç nədən nəsə əldə etmək problem deyil. Əslində, kainatın var olması üçün heçdənən nəyinsə ortaya çıxması məcburi ola bilər. Üstəlik, bir çox işarələr onu təklif edir ki, bizim kainatın məhz belə ortaya çıxması mümkündür.

Mən burda mümkündür sözünü vurğulayıram, çünki biz bəlkə də heç vaxt bu sualı cavalandırmaq üçün kifayət qədər empirik informasiyaya sahib olmayacayıq. Amma heç nədən yaranan kainatın mümkün olma ehtimalı faktı belə çox əhəmiyyətlidir, ən azından mənim üçün.

Daha irəliyə getmədən öncə, mən "heç nə" anlayışına bir neçə kəlmə həsr etmək istərdim - bu mövzuya müəyyən zamandan sonra yenidən qayıdacam. Öyrəndiyim qədəri ilə, bu sualı publikada müzakirə edərkən filosofları və teoloqları mənim, elm adamı kimi, "heç nə"-ni tam qavramadığımdan çox məyus edən bir şey yoxdur. (Burada kəskin etiraz etmək istəyirəm ki, teoloqlar heç nə üzrə ekspertdirlər.)

Onlar israr edirlər ki, "heç nə" mənim haqqında danışdıqlarımdan heç biri deyil. Heç nə hansısa anlaşılmaz və pis tərif edilmiş şəkildə "olmamaq"dır. Bu, mənə yaradılışçılarla debatlarım zamanı, "qüsursuz dizaynı" tərif etmək üçün sərf etdiyim öz səylərimi xatırladır, sonradan aydın oldu ki, onun nə olmadığını deməkdən başqa açıq tərifi yoxdur. "Qüsursuz dizayn" sadəcə təkamülə qarşı çıxmaq üçün birləşdirici sığınacaqdır. Bənzər şəkildə, bəzi filosoflar və bir çox teoloqlar tərif və yenidən tərif edirlər ki, "heç nə" elm adamlarının açıqladıqları heç nə variantlarından heç biri deyil.

Lakin burada, mənim fikrimcə, teologiyanın böyük hissəsinin və fəlsəfənin bir hissəsinin intellektual iflası dayanır. "heç nə" hər qarışına qədər "nəsə" kimi fiziki bir şeydir, əgər o, "nəsənin yoxluğu" kimi tərif olunursa. O zaman bizə vacib olan, bu iki kəmiyyətin fiziki təbiətini dəqiq başa düşməkdir. Və elmsiz, istənilən tərif sadəcə söz yığınıdır.

Bir əsr əvvəl, birisi "heç nə" dedikdə heç bir materiyaya sahib, tamamilə boş bir fəzanı nəzərdə tutsa, bu çox az halda arqumentə səbəb olardı. Lakin son əsrdə təbiətin işləmə qanunlarını öyrəndikcə əldə etdiyimiz nəticələr bizə onu göstərdi ki, boş fəza sükunətdə olan pozulmamış heç nədən çox fərqlidir. İndi, dindar kritiklər tərəfindən mənə deyilir ki, mən fəzaya "heç nə" deyə bilmərəm, daha yaxşı olar "kvant vakumu" deyim, beləcə filosofların və ya teoloqların ideyallaşdırdığı "heç nə"dən fərqli olsun.

Belə olsun. Yaxşı bəlkə biz artıq "heç nə"ni fəza və zamanın yoxluğu kimi təsvir etmək istəsək? Bu bəs edər? Yenə də, mənə elə gəlir edərdi… bir zamanlar. Amma, sizə göstərəcəyim kimi, biz öyrənmişik ki, fəza və zaman özləri də spontan olaraq ortaya çıxa bilərlər, beləcə indi bizə deyilir ki, bu "heç nə" də müzakirə mövzusu olan heç nə deyil. Və bizə deyilir ki, həqiqi heç nədən qaçış ilahi qüvvə tələb edir, beləcə "heç nə" "ondan sadəcə Tanrının nəsə yarada biləcəyi" qanunla tərif etmiş olunur.

Mənim bu mövzuda debat etdiyim bir çoxları tərəfindən mənə təklif də olunmuşdur ki, əgər ortada nəsə yaratmağa "potensial" varsa, bu həqiqi yoxluq halı deyil. Əlbəttə ki, bizə belə bir "potensial" verən təbiət qanunlarının olması bizi heç nəliyin həqiqi dünyasından uzaqlaşdırır. Amma, əgər mən iddia etsəm ki, bəlkə qanunlar özləri də spontan olaraq ortaya çıxırlar, belə bir ehtimalın olmasını da kitabda müzakirə edəcəm, bu da bizə lazım olan deyil, çünki qanunları ortaya çıxaran sistemin özü də həqiqi yoxluq deyil.

Aşağıya doğru tısbağalar? Məncə elə deyil. Ancaq tısbağalar cazibədar görünür, çünki elm müzakirə sahəsini elə dəyişir ki, bu insanları rahatlıqlarını pozur. Əlbəttə, bu elmin (Sokrat zamanında buna "təbiət fəlsəfəsi" deyə bilərlər) məqsədlərindən biridir. Rahatlığın olmaması o deməkdir ki, biz artıq yeni baxış bucaqlarının astanasındayıq. Əminliklə, çətin "necə" suallarından yayınmaq üçün "Tanrı"ya sığınmaq sadəcə olaraq intellektual tənbəllikdir. Hər şey bir kənara, əgər ortada yaradılış üçün potensial yoxdursa, onda Tanrı heç nə yarada bilməzdi. Tanrının təbiətdən kənar olduğu üçün, beləcə varlıq yaradan potensialın kainatı yaradan heç nəyə aid olmadığını deyərək sonsuz reqressiya probleminin ortadan qalxdığını demək isə sadəcə söz mənası oyunu olardı.

Mənim burda əsl məqsədim elmin müzakirə sahələrini dəyişdiyini göstərməkdir, beləcə heç nəliyin təbiəti haqqındakı bu məcazi və lazımsız debatlar bizim kainatın necə yarana biləcəyini təsvir edə biləcək lazımlı və yerinə yetirilə biləcək şeylərlə dəyişdirilib. Mən həm də bu ideyaların bizə indi və gələcək üçün verdiyi mənaları da izah edəcəm.

Bu çox önəmli bir faktı əks edir. Söhbət bizim kainatın necə təkamül etdiyini başa düşməkdən gedəndə, din və teologiya ən yaxşı halda mövzuya əlaqəsiz qalıblar. Onlar "suyu" tez-tez çirkləndirirlər, məsələn, heç nəlik haqqında suallara fokuslanırlar, amma heç nəliyin empirik dəlillərə əsaslanan tərifini vermirlər. Biz hələ ki kainatın mənşəyini tam anlamasaq da, bu sahədə nəyinsə dəyişəcəyini güman etmək üçün bir səbəb yoxdur. Üstəlik, mən elə güman edirəm ki, dinin indi özünkü hesab elədiyi başqa sahələr, məsələn insan mənəviyyatı üçün də eyni şey baş verəcək.

Elm bizim təbiət anlayışımızı genişləndirməkdə çox effektiv olub, ona görə ki, elmi dəyərlər üç əsas prinsip üzərində qurulub: (1) dəlil sən hara aparırsa onu izlə; (2) əgər kiminsə nəzəriyyəsi varsa, bunun doğruluğunu isbat etməyə çalışan, eyni güclə yanlış ola biləcəyini də isbat etməyə çalışmalıdır; (3) həqiqətin axırıncı arbitrı (son söz deyəni) eksperimentdir, nə kimsənin birincil inanclarından ortaya çıxan rahatlıq, nə də ki, kimsənin başqasının nəzəri modelinə valehedici və ya eleqant istinad verməsi deyil.

Mənim burda təsvir edəcəyim eksperimentlərin nəticələri sadəcə tam vaxtında olmaqla yetməyib, həm də gözlənilməzdir. Bizim kainatın təkamülünü təsvir edərkən elmin hördüyü qobelen, insanların uydurmuş olduğu açıqlayıcı şəkillər və ya xəyali hekayələrdən çox daha zəngin və çox daha cazibədardır. Təbiət bizə insan xəyalının əmələ gətirəcəklərindən qat-qat üstün sürprizlər göstərir.

Son iyirmi il ərzində, kosmologiya, zərrəciklər nəzəriyyəsi, və qravitasiya sahələrində olan inkişaflar kainatın mənşəyi və gələcəyi haqqında anlayışlarımıza verdiyi valehedici və dərin məna ilə bizim onun haqqındakı mənzərəmizi tamamilə dəyişib. Buna görə də, haqqında yazacaq bundan daha maraqlı bir şey ola bilməzdi, if you can forgive the pun.

Bu kitab yazmaq üçün həqiqi ilham mənbəyi mifləri dağıtmaq və ya inanclara hücum etmək həvəsimdən deyil, bilgini, onunla birgə büsbütün sürprizli və heyranedici olmuş kainatı bayram etmək həvəsimdəndir.

Bizim araşdırmamız bizi qasırğalar üzərində genişlənən kainatımızın ən ucqar sərhədlərinə, Böyük Partlayışın ən erkən anlarından uzaq gələcəyə aparacaq, və çox güman keçən əsrin fizikasının ən maraqlı kəşfini göstərəcək.

Əslində indi bu kitabı yazmaqda əsas motivasiyam mənim otuzillik araşdırmalarımın böyük hissəsini aparan, kainatın enerjisinin böyük hissəsinin mistik, hələlik açıqlaya bilmədiyimiz bir formada bütün boşluqda olduğu nəticəsinə gələn önəmli bir kəşfdir. Bu kəşfin müasir kosmologiyanın oyun sahəsini dəyişdiyini demək heç də şişirtmə deyil.

Hər şeydən əvvəl, bu kəşf kainatının dəqiqliklə heç nədən yaranması ideyasına çox önəmli bir dayaq oldu. Bu həm də bizə kainatın təkamülünü idarə edən proseslər haqqında fərziyyələri, və ən əsas, fizika qanunlarının həqiqətən fundamental olması sualını yenidən düşünməyə vadar edir. Bunların hər biri öz növbəsində nəyə görə heç nədənsə nəsə var sualını daha az önəmli edir.

Bu kitabın kökü 2009-cu il Oktyabrında Los Angelesda eyni ad altında verdiyim mühazirəyə dayanır. Həmin mühazirənin videosu Richard Downkins Foundation tərəfindən YouTube-a yerləşdirildikdən sonra sensasiyaya səbəb olması mənim üçün sürpriz oldu, hal-hazırda yazdığım zamanda milyonlarla baxış var, videonun bir çox hissələri həm ateist, həm də teistlər tərəfindən debatlarda istifadə olunur.

Həm mövzuya olan təmiz marağa görə, həm də mühazirədən sonra internet və başqa medialarda bəzi çaşdırıcı rəylərə görə, mən fikirləşdim ki, orda təqdim etdiyim ideyaları daha tam ifadə etmək üçün kitabı yazmağa dəyər. Burada həm də o zaman irəli sürdüyüm arqumentlərimə əlavələr etmə şansım olacaq, bunların demək olar ki, hamısı müasir kosmologiyada olan bizim kainat anlayışımızı dəyişən inqilablara əsaslanır, fəzanın enerjisi və həndəsəsinin kəşfi ilə əlaqəlidir, və kitabın üçdə ikisi boyunca bunun haqqında danışacam.

Ara zamanda, arqumentlərimə dəstək verən əvvəlki fikirlərim və ideyalarım barədə çox fikirləşmişəm; mənə bu mözuda çox maraqla cavab verənlərlə müzakirə etmişəm; və zərrəciklər fizikasında, xüsusilə, kainatın təbiəti və başlağıcı ilə əlaqədər baş verən inkişafları daha dərindən izləmişəm. Həm də mənim fikirlərimə kəskin etiraz edənlərlə də mövzunu müzakirə etmişəm, bu mənə arqumentlərimi daha da inkişaf etdirməyə kömək edib.

Burda təqdim etdiyim ideyaları anlatmağa çalışarkən, mən bəzi mütəfəkkir fizikaçı kolleqalarımla diskussiyalardan çox şey qazanmışam. Xüsusi olaraq, Alan Guth və Franck Wilzeck’ə mənimlə uzun diskussiyalara vaxt ayırdığı, beynimdəki bəzi çaşqınlıqları həll etməkdə yardım etdiyi və bəzi nöqtələrdə öz interpretasiyalarımı gücləndirməyə kömək etdiyi üçün təşəkkür etmək istəyirəm.

Free Press, Simon & Schusterdən Leslie Meredith və Dominick Anfuson’un maraqlarını öyrəndikdən sonra, bu mövzuda kitabın mümkünlüyü barədə danışmaq üçün dostum Christopher Hitchens ilə əlaqə saxladım. O, tanıdığım ən mədəniyyətli və parlaq insan olmaqdan əlavə, elm və din mövzulardakı debatlar seriyasında mənim mühazirədəki arqumentlərimdən istifadə edə bilib. Xəstə səhhətinə baxmayaraq Christopher, mehriban və alicənab şəkildə kitab üçün ön söz yazmağa razılıq verdi. Bu dostluq və inamına görə ona əbədi minnətdaram. Bədbəxtlikdən onun xəstəliyi ağırlaşaraq ona ön sözü bitirməyə imkan vermədi. Bununla belə, çox məşğul olmasına baxmayaraq, mənim parlaq və gözəl dostum, tanınmış elm adamı və yazar Richar Dawkins son söz yazmağa razı oldu. İlk qaralamam hazır olduqdan sonra, qısa zamanda gözəlliyi və aydınlığı ilə heyrətləndirici, eyni zamanda alçaldıcı bir şey ortaya çıxardı. Mən Christopher, Richard və yuxarıda adını çəkdiyim bütün insanlara dəstəkləri və ruhlandırmaları, məni yenidən kompüter başına qayıtmağa və yazmağa motivasiya etdikləri üçün minnətdar qalıram.

Mənbələr

Krauss, L. M. (2012). A universe from nothing: Why there is something rather than nothing. New York: Free Press.

*kitabın yazılmasında ilham mənbəyi olan, Kraussun eyniadlı mühazirəsinə buradan baxa bilərsiniz.

Comments


bottom of page